Təsəvvür edək ki, iş yoldaşımız bir neçə dəfə iclaslarda iştirak etməyib. Biz ona müraciətlə, “Sən həmişə işdən yayınmağa çalışırsan” deyir və nəticədə mühakiməedici ifadələrdən istifadə edirik. Əslində isə biz müşahidəyə əsaslanmaqla “Bu həftə iki dəfə iclasda iştirak etməmisən” deyə bilərik. Beləliklə, qarşı tərəfi ittiham etmək yerinə, diqqəti sadəcə inkarolunmaz faktlara yönəldə bilərik.
Biz çox vaxt qarşı tərəfin hərəkətinin səbəbini bildiyimizi zənn edərək, subyektiv şərhlərimizi mütləq həqiqət kimi təqdim edirik. Təsəvvür edək ki, bizə yaxın bir insan mesajlarımıza cavab yazmır. Biz isə baş verənlərin səbəbi barədə öz şərhlərimizə istinad edərək "Mənim mesajıma cavab yazmamaqla məni cəzalandırırsan" deyirik. Bunun əvəzinə biz müşahidələrimizə əsaslanaraq fikirlərimizi “Gördüyüm qədəriylə, dünən mesajımı oxumusan. İndiyə qədər səndən cavab almamışam” deyə ifadə edə bilərik. Çünki "cəzalandırmaq" feli qarşı tərəfə mənfi niyyət yükləyir, fakt isə sadəcə cavabın yazılmamasıdır.