06 Empatiya
03 Başqalarının hissləri və ehtiyacları haqda düşünmək

Qarşı tərəfi dinlədikdən sonra onu düzgün anladığımızdan əmin olmaq və ona «səni eşidirəm» mesajını vermək üçün onun hisslərini və ehtiyaclarını öz sözlərimizlə geri qaytara bilərik. Bu həm də yanlış anlaşılmaların qarşısını alır.

Təsəvvür edək ki, reklam agentliyində çalışan iş yoldaşımız bizə yaxınlaşıb əsəbi halda deyir: «Müştəri yenə son anda dizaynda dəyişiklik istəyir! Mən onlara keçən həftə demişdim ki, bu son təsdiqdir. Artıq bezmişəm, mənim vaxtıma ümumiyyətlə hörmət etmirlər!». Bu vəziyyətdə iş yoldaşımıza verəcəyimiz cavab məsləhət və təsəlli xarakterli yox, empatik, hiss və ehtiyacları müəyyən edən ola bilər.

«Həmişə belə edirlər də, sən də bilmirsən elə bil. Cavab yaz ki, əlavə ödəniş lazım olacaq» (məsləhət və təsəlli, qeyri-empatik reaksiya)

«Görürəm ki, son anda edilən bu dəyişikliklərə görə çox əsəbisən və tükənmisən. Çünki çəkdiyin zəhmətə hörmət edilməsinə və iş prosesində müəyyən bir nizam-intizamın, aydınlığın olmasına ehtiyacın var. Elədir?» (hiss və ehtiyacı oxumaq, empatik reaksiya)

Bu cür yanaşma iş yoldaşınıza həm öz qəzəbinin altındakı ehtiyacı (hörmət, nizam, aydınlıq) görməyə kömək edir, həm də onu müdafiə mövqeyindən çıxarır.