05 “Mən... hiss edirəm, çünki...” ifadəsindən sonra başqasının adını və ya “sən” əvəzliyini işlətmək

Biz adətən görüşə gecikən dostumuza müraciətlə “Mən məyusam, çünki sən gecikdin” deyirik və bu zaman hisslərimizin məsuliyyətini qarşı tərəfə yükləmiş oluruq. Bu ifadəni qeyri-zorakı ünsiyyətin prinsiplərinə uyğun formada qurmaq üçün “çünki” bağlayıcısından sonra birbaşa öz daxili ehtiyacımızı qeyd edə bilərik. “Mən məyusam, çünki mənim üçün bir-birinin vaxtına hörmət etmək çox önəmlidir” deməklə biz hisslərimizin səbəbi kimi başqasının hərəkətini deyil, öz ödənilməmiş ehtiyacımızı göstərə bilərik.

“Mən məyusam, çünki sən gecikdin” (məsuliyyəti qarşı tərəfə yükləmək)
“Mən məyusam, çünki mənim üçün bir-birinin vaxtına hörmət etmək çox önəmlidir” (şəxsi ehtiyacı ifadə etmək)

Başqalarına qarşı işlətdiyimiz mühakimələr, qınaqlar və qoyduğumuz “diaqnozlar” əslində öz ödənilməmiş ehtiyaclarımızın dolayı ifadəsidir. Biz ehtiyaclarımızı bu vasitələrlə ifadə edəndə ətrafdakılar yalnız tənqid eşidirlər. Belə hallarda insanlar təbii olaraq bütün enerjilərini özünümüdafiəyə və ya əks-hücuma yönəldirlər. Əgər biz qarşı tərəfdən anlayış və empatiya gözləyiriksə, ehtiyaclarımızı başqalarının hərəkətlərini mənalandırmadan və onlara diaqnoz qoymadan ifadə etməliyik. Əksinə, empatiyaya əsaslanan bir münasibət görmək istəyiriksə, diqqətimizi birbaşa öz hisslərimizlə ehtiyaclarımızı birləşdirməyə yönəltməliyik.

Təəssüf ki, biz ehtiyaclar dilində düşünməyə vərdiş etməmişik. Əksinə ehtiyaclarımız qarşılanmayanda, problemin ətrafdakılarda olduğunu düşünürük. Lakin başqalarını mühakimə etmək əvəzinə, öz real ehtiyaclarımızı ifadə etməyə başlasaq, bir-birimizi daha asan anlaya və qarşılaya bilərik.