Biz adətən hisslərimizi özümüzü və ya başqalarını “tərbiyə etmək” üçün vasitə kimi istifadə edirik. Bir valideynin övladına “Sən dərslərini oxumayanda mən üzülürəm” deməsi, əslində övladında günahkarlıq hissi yaradaraq onu hərəkətə keçirmək cəhdidir. Bu zaman qarşı tərəf hərəkəti öz daxili istəyi və ya ehtiyacı üçün deyil, sadəcə günahkarlıq hissindən qurtulmaq üçün edir. Lakin bu cür motivasiya ilə edilən hərəkətlər uzunmüddətli perspektivdə münasibətlərdə gizli bir inciklik və müqavimət yarada bilər.
Gündəlik ünsiyyətdə "bu" və "belə" kimi əvəzliklərdən istifadə məsuliyyəti kənara atmağa xidmət edir. "Bu məni qıcıqlandırır" və ya "Sənin belə danışmağın məni incidir" dedikdə, biz daxili vəziyyətimizin yeganə səbəbi kimi kənar bir amili göstəririk. Lakin hisslərimizi qeyri-zorakı ünsiyyət əsaslı ifadə edərək “Mən yüksək səs eşidəndə qıcıqlanıram, çünki hazırda işimi tamamlamağım üçün sakitliyə ehtiyacım var” deyə bilərik. Burada biz stimulu yəni səs-küyü qəbul edirik, amma hisslərin mənbəyi kimi öz sükut ehtiyacımızı göstəririk.