Kimsə bizdən nəsə xahiş etdikdə ona "Yox" deməkdən çəkinməmək çox vacibdir. Biz çox vaxt qarşı tərəfi incitməmək, eqoist görünməmək və ya münaqişədən qaçmaq üçün istəmədiyimiz şeylərə "Hə" deyirik. Bu isə daxilimizdə gizli bir inciklik, yorğunluq və qəzəb yaradır.
Qeyri-zorakı ünsiyyət yanaşmasına görə "Yox" demək sadəcə quru bir rədd deyil. Biz başqasına "Yox" deyəndə, əslində həmin an özümüzün hansısa daha prioritet ehtiyacımıza "Hə" demiş oluruq.
Sağlam "Yox" demək bu arxa plandakı ehtiyacı qarşı tərəfə dürüst və hörmətlə izah etməkdir.
"Xeyr, mən bu axşam səninlə kinoya gedə bilmərəm. Çox işim var"
(zorakı və ya quru rədd)
"Səninlə vaxt keçirməyi çox sevirəm və məni dəvət etdiyin üçün sağ ol. Lakin bu axşam gələ bilməyəcəyəm,
çünki bütün həftə çox yorulmuşam və enerjimi bərpa etmək üçün evdə tək qalıb dincəlməyə ehtiyacım var"
(sağlam "Yox" demək)
Ünsiyyət zamanı bu formada "Yox" deyildikdə, qarşı tərəf bunu özünə qarşı "rədd" kimi yox, sizin öz ehtiyacınıza sahib çıxmağınız kimi qəbul edə bilər.