Daxilimizdəki həyəcan sistemi
Cəmiyyətdə qəzəb çox vaxt mənfi, təhlükəli və ram edilməli olan bir hiss kimi qəbul edilir. Uşaqlıqdan bizə "əsəbiləşmə", "qəzəbini cilovla" deyilir. Qeyri-zorakı ünsiyyətdə isə qəzəbə düşmən kimi yox, avtomobildə yanan qırmızı xəbərdarlıq işığı kimi baxılır. İşığın yanması problemin özü deyil, problemin göstəricisidir, nişanıdır.
Qəzəbin mənbəyi heç vaxt başqalarının hərəkətləri ola bilməz. Kimsə
bizə kobudluq edəndə qəzəblənməyimizin səbəbi onun sözləri yox,
bizim öz ehtiyaclarımız, həmçinin mütəmadi mühakimələrimizdir. Qəzəb
ikinci dərəcəli bir hissdir; o adətən arxasında qorxu, kədər,
məyusluq və ya inciklik kimi daha dərin bir hissi gizlədir.
Qəzəb bizə mühüm bir xəbər gətirir: "Sənin üçün çox dəyərli olan bir
ehtiyacın hazırda qarşılanmır və sən beynində qarşı tərəfi bunda
günahlandırırsan!".
Dostumuz bizə aid bir sirri başqasına deyəndə qəzəblənirik. Qəzəbin
səbəbi dostumuzun danışması yox, bizim "Təhlükəsizlik" və "Güvən"
ehtiyacımızın zədələnməsi və özünümüdafiə refleksi olaraq
ittihamedici "O, mənə xəyanət etdi, o pis dostdur" yanaşmasıdır.