Situasiyanı müşahidə edib, hisslərimizin fərqinə vardıqdan və onların qaynağı olan ehtiyaclarımızı müəyyən etdikdən sonra, növbəti addım istəyimizi ifadə etməkdən keçir. Qeyri-zorakı ünsiyyətin dördüncü komponenti olan istəyin formalaşdırılması bizə qarşı tərəfdən (və ya özümüzdən) nə istədiyimizi aydınlaşdırmağa kömək edir. Ehtiyaclarımız qarşılanmadıqda bunu qarşı tərəfə bildirir və həmin ehtiyacların təmin olunmasına kömək edə biləcək konkret addımlar barədə istəyimizi ifadə edirik. Bu həyatımızı yaxşılaşdırmaq üçün bir-birimizdən nə istədiyimizi başa düşmək, qarşılıqlı ehtiyaclarımızın təmin olunmasına yönəlmiş və empatiyaya əsaslanan münasibətlər qurmaq üçün önəmlidir.
Bəs başqalarını "hə" deməyə dəvət etmək üçün istəyimizi necə ifadə edə bilərik?
Biz sözümüzü kəsən birinə adətən “Xahiş edirəm ki, sözümü kəsməyəsən” deyirik. Lakin qeyri-zorakı ünsiyyətin prinsiplərini nəzərə alaraq görmək istədiyimizi “Xahiş edirəm ki, fikirlərimi tamamlamaq üçün mənə zaman ayırasan və sona qədər dinləyəsən” kimi ifadə edə bilərik.